15 noyabr Azərbaycan taixinə qızıl hərflərlə yazılacaq növbəti təqvim kimi yaddaşlarımıza həkk olundu. 27 il işğal altında qalan Kəlbəcər rayonu Ermənistanın 27 sentyabrda imzaladığı kapitulyasiya bəyanatının ardından heç bir döyüş aparılmadan Azəbaycana təhvil verildi.
Gəlin bir az da Kəlbəcəri tanıyaq.
Kəlbəcər — Azərbaycan Respublikası ərazisində rayondur. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. 2 aprel 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib.

Kəlbəcər Azərbaycanın ən yüksək zirvəsində yerləşir və Ermənistanla sərhəd olduğundan bir qala qapısı hesab olunur. Onu qorumaq bütövlükdə Azərbaycanı qorumaq deməkdir.
Xatırladaq ki, Kəlbəcər rayonunun həm coğrafi relyefi, həm də Dağlıq Qarabağla Ermənistan arasında yerləşməsi Ermənistanın mənfur planlarının reallaşmasına mane olduğu üçün hələ sovetlər dönəmində bu ərazilərdə azərbaycanlıların məskunlaşmasının qarşısını almağa yönəlik addımlar atılırdı. Belə ki, ermənilərin təkidi ilə Moskva qarşısında Kəlbəcər rayon ərazisinin yalnız yaylaqlar kimi istifadə olunması, məskunlaşmanın qarşısının alınmasına çağırışlar edilirdi. Məqsəd isə, sonradan Kəlbəcərin erməniləşdiilməsi işi üçün zəmin hazırlamaq və maneələri aradan qaldırmaq idi. Lakin ermənilərin bu mənfur planının qarşısını Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi aldı. Növbəti illərdə nəinki Kəlbəcər, eləcə də Dağlıq Qarabağda separatçılığa yol aça biləcək bütün meyllərin qarşısı qətiyyətlə alındı.
İşğala qədər Kəlbəcər rayonu ərazisində insanların əsas məşğuliyyəti əkinçilik və maldarlıq olub. Həmçinin mədən sənayesi də inkişaf etdirilib. Həmçinin, rayon ərazisində məşhur İstisu turizm mərkəzi də rayonun inkişafında müstəsna rol oynayıb.
Kəlbəcərin işğalı nəticəsində, 19 ibtidai, 33 səkkizillik, 44 orta məktəb binası, 1 texnikum, 1 texniki-peşə məktəbi, 82 internat, 16 uşaq bağçası, 38 körpələr evi, 41 mədəniyyət evi, 1 rayon mərkəzi xəstəxanası, 1 rayon mərkəzi uşaq xəstəxanası, 9 kənd xəstəxanası, 23 kənd ambulator məntəqəsi, 75 feldşer-mama məntəqəsi, 1 ictimai-sosial kombinatı, 2 mineral sudoldurma zavodu, 1 qızıl zavodu, 1 civə zavodu və s. dağıdılıb məhv edildi.
27 il ərzində Kəlbəcərdə qeyri – qanuni yolla məskunlaşdırma aparan Ermənistan dövləti həm də rayonun qızılının və digər təbii sərvətlərinin qanunsuz şəkildə istismarı ilə məşğul olub. Hələ 1980-ci illərdə aparılan geoloji kəşfiyyat zaman Söyüdlü -Zod qızıl yatağı sahəsində 4-5 min il əvvəl qızıl istehsal edildiyi sübut olunub.
Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları və s. vardır.
Kəlbəcərin qızıl yataqlarının Ermənistan tərəfindən genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları cəlb edilib. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir.
V. Sirmakesin Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejnəli” yataqlarından oğurlanan qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Simarkes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır.
2001-ci ildə “Franck Muller”in Ermənistandakı nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi bildirmişdi ki, burada saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platindən istifadə olunacaq.
5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq materiallarından aydın görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də, qızıl yataqlarının qeyri-qanuni istismarında iştirakı ilə bağlı kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Konfederasiyası Baş Prokurorluğuna da təqdim olunub.
Mənfur ermənilər tarixən Kəlbəcərlə heç bir bağlılıqları olmamalarına rəğmən buradakı qədim alban məbədlərini də mənimsəyərək saxta tarix yaratmağa çalışıblar. Son günlərdə Kəlbəcəri tərk edən ermənilər bütün dünyaya yalandan hay-küy salaraq onlara heç bir aidiyyatı olmayan Xudavəng monastır kompleksi ilə bağlı kampaniyaya başlayıblar. İndi isə bu məbədin qısa tarixinə nəzə yetirək.
Xudavəng monastırı - Kəlbəcər rayonunda, Vəng kəndi ərazisində yerləşən qədim alban məbəd kompleksidir. Məbədin adı burada ilk xristian missionerlərindən sayılan Faddey-Dədənin dəfn olunması ehtimalı ilə bağlıdır. XV əsrdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

Qeyd edək ki, Kəlbəcərin işğalından dərhal sonra BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğala dərhal son qoyulmasını tələb edən 822 saylı qətnaməni qəbul etdi. Lakin son 27 ildə bu qətnamə adi kağız parçasından heç bir xüsusiyyəti ilə seçilmədi. Əslində isə, onun tələblərinin dərhal yeinə yetirilməsi məhz BMT TŞ üzvülərinin əsas vəzifəsi və borcu idi. Bu qətnamənin digər məşhur üç qətnamə kimi reallaşması da faktiki olaraq Azərbaycan Ordusunun Vətən Müharibəsində əldə etdiyi hərbi uğurların davamı kimi qiymətləndirilməlidir.